Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “ Qlobal əhəmiyyətli layihələr..”, ÖZEL
Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “
Qlobal əhəmiyyətli layihələr..”, ÖZEL
Millət vəkili Məşhur Məmmədov,
Ötən həftə daha bir iqtisadi əhəmiyyətli tədbirin keçirilməsi ilə yadda qaldı. Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə təbrik məktubu ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir. 30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır.
1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” həyata keçirildi. Bu hadisə ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.
O zaman ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bu səbəbdən Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi. Bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi.
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək.
Əminliklə deyə bilərik ki, Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bizim üçün bu, həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir.
Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun. Son dövrlər bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər. İllər keçdikcə bu şirkətlərin sayı artacaq.
Qlobal əhəmiyyətli layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Cənub Qaz Dəhlizi tarixi nailiyyətdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.
Bu layihə ölkəmizin beynəlxalq statusunu artıran önəmli amillərdəndir. Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır.
Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışında gələcək perspektivli planların anonsunu verdi. 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırılacaq. Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də bizim Avropa İttifaqı ilə dialoqumuz mövcuddur. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq.
Strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçirilir. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər böyük dərinlikdən ilk qaz alacağıq.
Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcək.
Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq.
Ülker Piriyeva/ Azerbaycan